Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır.
Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir.
Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir.
Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.